Gəncə və Mingəçevir yenidən raket atəşinə tutulub
Azərbaycan Müdafiə Nazirliyinin oktyabrın 17-də verdiyi xəbərdə deyilir ki, Gəncə şəhəri növbəti dəfə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Gəncə və Mingəçevir şəhərlərinə yenidən raket zərbələri endirilib.
AzadlıqRadiosunun müxbiri Gəncədən xəbər verir ki, adamların yatdığı bir vaxtda 5 evlərin sıx yerləşdiyi əraziyə raketlər düşüb.
Sakinlər və xilasedicilər dağıntıların altından adamları çıxarmağa çalışırlar.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter hesabından yazıb:
"Ermənistanın silahlı qüvvələri humanitar atəşkəsin arxasında gizlənərək əməldə hərbi cinayətlər törətməkdə davam edir. Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirilib. İtkilər və dağıntılar barədə əlavə məlumat veriləcək”.
Hikmət Hacıyev yazdığı daha bir tvitdə ilkin məlumata görə 40 mülki şəxsin ciddi yaralandığını və 12 nəfərin həlak olduğunu bildirib. Ölənlərdən ikisinin azyaşlı olduğu qeyd olunur.
Hacıyev yazır ki, bu yekun rəqəmlər deyil.
Hikmət Hacıyev bildirir ki, Gəncə şəhərinə ballistik raketlər Ermənistan ərazisindən atılıb:
“Bura döyüş zonasından uzaqdır. Heç bir hərbi zərurət yox idi”.
Prezidentin köməkçisi yazır ki, Ermənistan XİN bu hadisəyə görə "dövlətin məsuliyyət daşımadığını" bildirib.
Gəncə şəhərinə bundan əvvəl oktyabrın 11-də də raket atılmışdı. Ermənistan silahlı qüvvələrinin həmin zərbəsi nəticəsində 10 mülki şəxs həlak olmuşdu.
Mingəçevirə atılan raketlərin zərərsizləşdirildiyi xəbər verilir
Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına görə Ermənistan ərazisindən Mingəçevirə atılan raketlər Hava Hücumundan Mdüafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Prezident: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”
“İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir...Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
AZƏRTAC-ın xəbərinə görə, bu fikri prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında səsləndirib.
Dövlət başçısı Şuşanın işğaldan azad edilməsi ilə bağlı daha sonra deyib:
“... Biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”.
Baş Prokurorluq: “Videolarla əlaqədar araşdırma aparılıb”
Azərbaycan Baş Prokurorluğu bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrində yayılan videolarla bağlı açıqlama yayıb.
Orada bildirilir ki, bəzi sosial şəbəkə istifadəçiləri, “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən azərbaycanlı həkimlərin yaralılara laqeyd münasibət göstərməsini əks etdirən videogörüntülər yayıblar.
“Tərəfimizdən erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılıb və onların saxta olması müəyyənləşdirilib. Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır. Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur” - məlumatda yazılıb.
Bundan əvvəl Ermənistan mediasında insan haqları müdafiəçilərinin Azərbaycan əsgərlərinin erməni əsirlərlə qəddar hərəkət etməsinin və daha sonra onları güllələməsinin iddia olunduğu iki video və bir fotonu əldə etdikləri xəbər verilmişdi.
News.am saytı iddia edir ki, belə videolar Azərbaycan mənbələri tərəfindən yayılır.
“Xırmancıq, Ağbulaq, Axullu kəndləri azad edilib”
Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 16-da bildirib ki, 3 kənd də işğaldan azad edilib.
"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib..." - deyə prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.