Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:47
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

19:44 13.10.2020

Avropa İttifaqının xarici işlər komissarı Lavrovla danışıb

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell oktyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb.

Onlar Dağlıq Qarabağ və Belarusdakı vəziyyəti, habelə müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı məsələni, Avropa İttifaqı ilə Rusiya arasında münasibətləri müzakirə ediblər.

Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi zamanı Borrell Lavrova onun vasitəçiliyi ilə oktyabrın 10-da Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunmasına görə təşəkkürünü bildirib.

Borrell atəşkəs razılaşmasına tam riayət olunmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, gərginliyin eskalasiyasından və davakar ritorikadan çəkinilməsinə çağırıb.

Avropa İttifaqı xarici işlər komissarı blokun ATƏT-in Minsk qrupu həmsədrlərinə tam dəstəyini ifadə edib.

Borrell deyib ki, o Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə söhbəti zamanı hər iki tərəfi qeyd-şərtsiz olaraq “mənalı” danışıqlara çağırıb.

Bu barədə məlumat Avropa İttifaqının rəsmi saytında dərc olunub.

16:26 13.10.2020

Dronlardan biri İrana düşüb

İranın Ərdəbil vilayətinin vali müavini deyir ki, oktyabrın 13-də Azərbaycanla sərhəd yaxınlığında naməlum dron vurulub.

Bəhruz Nədai IRNA dövlət xəbər agentliyinə bildirib ki, insident Parsabadda bir kənddə baş verib, hələlik, itki qeydə alınmayıb. Onun sözlərinə görə, dronun hansı ölkəyə mənsub olması və qəzanın səbəbləri araşdırılır: "İranın şimal sərhədində döyüşləri nəzərə alsaq, dron Azərbaycan, yaxud Ermənistan ordusuna aid ola bilər".

16:22 13.10.2020

Qırmızı Xaç cəsədləri çıxara bilmir

Oktyabrın 10-da Moskvada əldə olunmuş atəşkəs razılaşmasında Ermənistan qüvvələri ilə Azərbaycanın əsir mübadiləsi, həmçinin, öldürülmüş yüzlərlə əsgərin cəsədlərinin çıxarılması nəzərdə tutulurdu.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) oktyabrın 13-də bildirib ki, Ermənistanla Azərbaycan hələ əsir və cəsəd mübadiləsinin şərtlərini razılaşdırmayıblar.

"Hazırda bu məsələni tərəflərlə qızğın şəkildə müzakirə edirik. Ancaq bu mübadiləni keçirməyə bizə imkan verəcək mənalı razılaşma əldə olunmayıb", – BQXK-nın Avrasiya regionu üzrə direktoru Martin Şüpp Cenevrədə brifinqdə deyib.

15:44 13.10.2020

Pompeo Qarabağla bağlı tvit atdı

"Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı razılaşdırılmış atəşkəs öhdəliklərini yerinə yetirməyə, Gəncə və Stepanakert kimi yaşayış məskənlərini hədəfə almağı dayandırmağa çağırır. Biz insan ölümlərini pisləyir, sülh yoluyla həllə sadiq qalırıq", – Dövlət katibi Mayk Pompeo tvitində yazıb.

Davamı

XS
SM
MD
LG