Tərtər atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin bu gün, oktyabrın 13-ü səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutduğu bildirilir.
Bu məlumatı oktyabrın 13-ü səhər saat 7:40-da Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.
"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən atəşə tutur", - məlumatda yazılıb.
Halbuki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12:00-dan cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin raket zərbələrinə tutulduğu bildirilib. Nəticədə 10 nəfər dinc sakinin həlak olduğu, 30-dan çoxunun isə yaralandığı açıqlanıb.
Qarabağda 45 erməni hərbçinin həlak olduğu xəbər verilir
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan oktyabrın 12-də bildirib ki, Azərbaycan silahlı qüvvələri “cənub cəbhəsində atəşi intensivləşdirib”.
Bu arada Dağlıq Qarabağda separatçı rejimin verdiyi məlumata görə oktyabrın 12-də daha 45 erməni hərbçi həlak olub.
Beləliklə sentyabrın 27-də döyüş əməliyyatları başlanandan bəri 525 erməni hərbçinin öldürüldüyü xəbər verilir.
Türkiyə və Rusiya müdafiə nazirləri danışıblar
Rusiya və Türkiyə müdafiə nazirləri Sergey Şoyqu və Hulusi Akar arasında telefon söhbəti olub.
Oktyabrın 12-də iki nazir Dağlıq Qarabağda, habelə Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə məlumat Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilib.
Anadolu agentliyinin verdiyi xəbərə görə söhbət zamanı Akar rusiyalı həmkarına Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin təcililik və mühümlüyünü xatırladıb.
O deyib ki, Azərbaycan bu problemin həlli üçün bundan sonra da 30 il gözləyə bilməz.
Hulusi Akar söhbət zamanı bunu da bildirib ki, Türkiyə öz ərazilərini geri almaq mübarizəsində Azərbaycvanın yanındadır.
Türkiyə müdafiə naziri bəyan edib ki, Ermənistan Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır.
Hulusi Akar Ermənistanın dinc əhalini hədəfləməsini qətiyyətlə pisləyib.