Xarici diplomatlar Gəncədə
Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın xəbərinə görə, diplomatları Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Səfərin məqsədinin diplomatları raket zərbələri endirildikdən sonra Gəncədəki mövcud vəziyyətlə tanış etmək olduğu açıqlanıb.
Azərbaycan rəsmi qurumları bildirir ki, oktyabrın 11-i saat 2 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən kənarda yerləşən Gəncə şəhərinə raket zərbələri endirib. Nəticədə 9 dinc sakinin öldüyü, 39-nun isə yaralandığı deyilir.
Yaralıların sayının 207-yə çatdığı bildirilir
Azərbaycan Baş Prokurorluğu oktyabrın 12-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti məlumat yayıb. Həmin məlumata görə, sentyabrın 27-dən (Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində döyüşlər başlanan tarixdən) hazırkı vaxtadək qarşı tərəfin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 41 mülki şəxs həlak olub, 207 nəfər yaralanıb: "Bundan başqa, 148 mülki obyekt və 1185 yaşayış evi, 57 çoxmərtəbəli yaşayış binası yarasız hala düşüb".
Azərbaycan 3 PUA vurduğunu deyir
Ermənistanın 3 ədəd pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 12-si saat 11:50 radələrində məlumat yayıb.
Məlumatda yazılıb ki, oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində onların 2, səhər saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sını hava hücumundan müdafiə bölmələri vurub.
Bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti, hələlik, açıqlanmayıb.