Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 11-də rusiyalı həmkarı Sergey Lavrovla telefon söhbətində ondan xahiş edib ki, atəşkəs şərtlərinə əməl etməsi üçün Ermənistana təzyiq göstərsin. Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Bu gün – oktyabrın 12-də Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakyan Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparmalıdır. Onun rusiyalı həmkarı S.Lavrovla da görüşəcəyi gözlənir.
Avropa Birliyinin xarici siyasət rəhbəri Cozep Borrel tərəfləri atəşkəs razılaşmasına əməl etməyə, xarici qüvvələr daxil olmaqla, bütün oyunçuları əlavə itkilərə səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb.
"Hərbi hərəkətlərin, mülki hədəflərə hücumların, mülki şəxslər arasında itkilərin davam etməsindən həddən artıq narahatıq, tərəfləri yerdə atəşkəs razılaşmasına tam əməl etməyə çağırırıq", – Borrel bəyanatında vurğulayıb.
Ağdam rayonu atəşə tutulub
Ağdam rayonu ərazisini Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bildirilir.
Bu məlumatı oktyabrın 12-i saat 8:32-də Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb. Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə raket zərbələrinə tutulub. Bu zaman 9 nəfər dinc sakinin həlak olduğu, 39-nun isə yaralandığı açıqlanıb.