Putin döyüşlərin dayandırılmasına çağırıb
Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müraciət edib.
O tərəfləri döyüş əməliyyatlarını “humanitar mülahizələrlə” dayandırmağa çağırıb.
RIA Novosti Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin oktyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla silsilə telefon danışıqları aparıb.
Putin bildirib ki, regiondakı toqquşmaların, əsirlərin və meyitlərin dəyişdirilməsi üçün dayandırılması zəruridir.
Kremldən bunu da bildiriblər ki, “bu məsələ barəsində Rusiya XİN-in vasitəçiliyi ilə məsləhətləşmələrin keçirilməsi üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-da Moskvaya dəvət olunublar”.
ODKB baş katibi: ‘Azərbaycanın Ermənistana ərazi iddiası yoxdur’
Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – ODKB hesab edir ki, Azərbaycan Ermənistana zərbə endirməyəcək.
Ermənistanın da üzv olduğu təşkilatın baş katibi Stanislav Zas Rusiyanın RT telekanalına müsahibəsində deyib ki, Bakının Yerevana qarşı heç bir ərazi iddiaları yoxdur.
Bu barədə məlumatı RIA Novosti dövlət xəbər agentliyi yayıb.
Zas bu müsahibədə deyib ki, o Bakının Yerevana zərbə endirəcəyinə inanmır:
"Mən əminəm ki, hadisələr bu cür inkişaf etməyəcək. Birincisi ona görə ki, Azərbaycan hakimiyyəti Ermənistana qarşı ərazi iddialarının olmadığını dəfələrlə bəyan edib. Azərbaycan Ermənistanın suverenliyinə qəsd etməyəcək. Bundan başqa Azərbaycan öz xalqının qarşısında kifayət qədər sağlam düşüncə və məsuliyyətə sahibdir”.
Zas deyib ki, o Dağlıq Qarabağ münaqişəsinin regional müharibəyə çevriləcəyinə inanmır:
“Nə Ermənistan, nə də Azərbaycan münaqişənin regional müharibəyə çevrilməsini istəmir. Biz hadisələrin belə inkişafını gözləmirik”.
Bundan əvvəl Ermənistan siyasətçiləri Rusiyadan onun Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini istədiyini bildirmişdilər.
AMN: 'Goranboy, Tərtər və Ağdamın kəndləri artilleriya atəşinə tutulur'
Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.
Bu məlumatı oktyabrın 8-i, saat 18-47-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
AMN qeyd edib ki, buna qarşı adekvat tədbirlər görülür.