“Azərbaycan ordusu Cəbrayıl şəhərini işğaldan azad edib”
“Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”
Bunu oktyabrın 4-də Azərbayan prezidenti İlham Əliyev Twitter
səhfəsində yazıb.
Mülki vətəndaşlardan ölənlər 24-ə çatıb
Azərbaycan Baş Prokurorluğu sentyabrın 27-dən sonra cəbhədə baş vermiş mülki itkilərlə bağlı növbəti məlumat açıqlayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən oktyabrın 4-ü saat 15:30-dək 24 nəfər mülki şəxs həlak olub.
Məlumata görə, Azərbaycan tərəfdən 111 nəfər mülki şəxs isə yaralayıb.
Ağcəbədi,Ağdam və Bərdənin kəndlərinin vurulduğu deyilir
Hazırda Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə tutulduğu bildirilir.
Bu barədə oktyabrın 4-də saat 16-10-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumata görə, yaralanan var.
Baş prokuror: "Arayik Arutunyan barəsində cinayət işi başlanıb"
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanat yayıb.
Bəyanatda yazılıb ki, sentyabrın 27-dən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüz davam edir.Qeyd edilib ki, Azərbaycan Ordusu əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edib:
“Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyanın tapşırığı əsasında 4 oktyabr saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub”
Açıqlamada yazılıb ki, əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb:
“ Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub...”
Açıqlamaya görə, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan-ın Cenevrə konvensiyasının tələblərini birbaşa pozaraq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb.
A. Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama...), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açıldığı qeyd edilir.
Onun habelə, 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma) və 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddə ilə də ittiham edildiyi bildirilir.