“Madagiz işğaldan azad olunub”
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı, prezident İlham Əliyev bu gün, oktyabrın 3-də 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“ Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, məlumatda yazılıb.
Azərbaycan prezidenti: “ Madagizin tarixi adını bərpa edirəm”
“2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"
Bunu Azərbaycan prezidenti İlham Əliyev özünün rəsmi Tvitter səhifəsində yazıb.
Madagiz (Suqovuşan) azad edildi
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir: "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"
“Azərbaycan həmişə danışıqlar masasında iştirak edir. Amma danışıqlar prosesini dağıdan, pozan Ermənistandır…”.
Bunu da jurnalistlərə açıqlamasında Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, danışıqlar naminə danışıqlar hər kəsi taqətdən salıb:
“Proses ilk növbədə nəticəyönümlü olmalıdır ki, işğal olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğuna son qoyulsun və Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılsın, BMT-nin aidiyyatı qətnamələrinin həyata keçirilməsi təmin olunsun. Azərbaycan danışıqlar prosesində öz konstruktivliyini aydın və birmənalı şəkildə ifadə edib"
Prezidentin köməkçisinin fikrincə, indiki şəraitdə beynəlxalq ictimaiyyət Ermənistanın üzərinə daha böyük siyasi, diplomatik təzyiqlər qoymalıdır ki, o, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın.
Hikmət Hacıyev Azərbaycanın Ermənistana mesajından danışıb
“Dünəndən ( oktyabrın 2-dən) etibarən Azərbaycan Respublikasının Tərtər şəhəri ermənilər tərəfdən intensiv şəkildə atəşə tutulur. Tərtərə 2 mindən çox mərmi atılıb. Azərbaycanın Şəmkir şəhəri Ermənistanın Vardenis ərazisindən “Toçka-U” reaktiv yaylım atəş sistemindən istifadə edilməklə atəşə tutulub... ”
Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlər və xarici dövlətlərin Bakıda akkreditə olunmuş diplomatlarının iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vasitəsilə Ermənistana mülki şəxslərin öldürülməsinin və Azərbaycan şəhərlərinin atəşə tutulmasının dayandırılması barədə mesaj göndərib.
“Ancaq, təəssüf ki, onlar bunu etməkdən imtina etdilər. Bu, Ermənistanın həqiqi niyyətlərinin növbəti sübutudur: onların hədəfi dinc Azərbaycan vətəndaşlarıdır”, - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan müasir texnologiyaların köməyi ilə dronlardan istifadə etməklə yalnız ölkənin işğal olunmuş ərazilərindəki hərbi hədəflərə dəqiq zərbələr endirir.